Tehran xəbərdarlıq etdi: İqtisadi blokadanı yarmaq üçün nə edəcək? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İran iqtisadi blokadanı yarmaq üçün zəruri olan istənilən addımı atacaq.
Bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi jurnalistlərə açıqlamasında Hörmüz boğazındakı vəziyyətə münasibət bildirərkən deyib.
O bildirib ki, ABŞ müəyyən etdiyi öhdəlikləri yerinə yetirdiyi təqdirdə bunun iki saat, yaxud yeddi gün ərzində baş verməsindən asılı olmayaraq İran Hörmüz boğazını aça bilər.
Qəribabadinin sözlərinə görə, İranın əsas şərti bütün cəbhələrdə müharibənin dayandırılmasıdır. İqtisadi blokadanın aradan qaldırılması və İranın dondurulmuş vəsaitlərinin azad edilməsi kimi məsələlər də həllini tapmalıdır.
O bildirib ki, ABŞ-nin öhdəliklərini yerinə yetirməsinin yoxlanılması çətin və vaxt aparan proses deyil. İranın şərtlərinin təmin olunduğunu elə həmin gün və ya iki gün ərzində müəyyən etmək mümkündür.
Nazir müavini vurğulayıb ki, 2 günlük plan İran İslam Respublikasının hazırda irəli sürdüyü və müzakirə olunan yeganə təklifdir. ABŞ bu planda müəyyən olunan öhdəlikləri yerinə yetirə biləcəyi təqdirdə irəliyə doğru hərəkət etmək mümkün olacaq.
İranın blokadaya qarşı atacağı addımlardan danışan nazir müavini ölkəsinin iqtisadi blokadanı müharibə aktı hesab etdiyini bildirib.
O, nüvə danışıqlarına da toxunaraq qeyd edib ki, danışıqlar hələ başlamayıb və buna görə də texniki məsələlərin və müxtəlif mövzuların təfərrüatına varmaq mümkün deyil.
Onun sözlərinə görə, danışıqlar baş tutarsa, texniki məsələlər də müzakirə olunacaq.
Qəribabadi əlavə edib ki, İranın xarici işlər nazirinin prinsipial mövqeyinə əsasən, zənginləşdirilmiş nüvə materialları heç bir halda ölkədən çıxarılmayacaq.
O bildirib ki, bu materialların xaricə göndərilməsi İranın öz ehtiyaclarını ödəməsində problemlər yarada bilər.
#İran Xarici İşlər Nazirliyi teqi istifadə olunub
