Dünyaya başqa kim rəhbərlik edə bilər? - Bayden Trampa meydan oxudu
ABŞ Prezidenti Cozef Bayden Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampa meydan oxuyub.
Çıxışı zamanı milyarderi yalan danışmaqda ittiham edən Ağ Ev rəhbəri onu ölkənin imicinə zərbə vurmaqda günahlandırıb:
“Donald Tramp ABŞ-ni uğursuzluğa düçar olmuş bir yurd kimi təsvir edir. D.Tramp Amerikanın uduzduğunu deyir. O, sizi uğursuz bir millət kimi dünyaya tanıdır. Lakin uduzan yeganə şəxs yalnız və yalnız özüdür. O, ciddi səhvə yol verir”.
Co Bayden bildirib ki, Donald Trampın hakimiyyəti dövründə cinayətlərin sayı 30% artmışdı və bu, ABŞ tarixindəki ən böyük belə artımdır.
“Dünyaya ABŞ-dən başqa kim rəhbərlik edə bilər? Ölkəmiz hər yerdə qalib gəlir və məncə, bu, bütün bəşəriyyət üçün ən yaxşı haldır. İndi siz D.Trampın dövründəki ilə müqayisədə daha təhlükəsiz bir dövlətdə yaşayırsınız”, – amerikalı lider deyib.
Bundan başqa, C.Bayden açıqlamalarında Kamala Harrisi tərifləməyi də unutmayıb.
“Kamala Harrislə mən ictimai təhlükəsizliyə indiyə qədər ən böyük sərmayəni qoymuşuq. Bu nisbət sürətlə azalmağa davam edir. Cinayətlərin nisbəti son 50 ildə olduğundan daha da aşağı səviyyəyə düşüb. Kabineti özü dəfələrlə mühakimə olunmuş birinin yerinə prokuroru qoyduğunuz zaman bu rəqəm daha da azalacaq”, – o qeyd edib.