Əfqanıstanda 114 səhifəlik yeni qanun | Sərt tədbirlər təsdiqləndi
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı qadınların ictimai yerlərdə və evlərində yüksək səslə danışmasını qadağan edib.
114 səhifədən ibarət qəbul edilmiş yeni qanunlarda rejim Əfqanıstan vətəndaşları üçün gündəlik həyatı tənzimləyən sərt tədbirləri elan edib.
“Taliban” hərəkatının ali lideri Hibətullah Axundzadə tərəfindən təsdiq edilən qanunlarda deyilir ki, bütün qadınların ictimai yerlərdə bədənlərini tam örtməsi, əsasən isə üz örtüyü məcburidir.
Yeni qaydaların 13-cü maddəsində isə bildirilib ki, geyim nazik, dar və ya qısa olmamalıdır. Bunlara riayət edilməməsi həbslə nəticələnə bilər. Həmçinin qadınların qohumluq və ya nikah qohumluğu olmayan kişilərə baxması da qadağan edilib.
Xatırladaq ki, “Taliban” qruplaşması 1994-cü ildə yaradılıb. 1996-2001-ci illərdə Əfqanıstanın əksər ərazisinə nəzarət edib. 2021-ci ilin avqustunda ölkədə hakimiyyəti ələ keçirib.