Ermənistan buna hazır olmalıdır | Rusiyalı ekspertdən sərt çıxış
"Ermənistan Rusiya ilə münasibətləri pozmaq prosesini davam etdirir".
Bu sözləri rusiyalı hərbi ekspert Yevgeni Mixaylov deyib.
Ekspert bildirib ki, avqustun 1-dən etibarən Rusiya sərhədçilərinin İrəvandakı hava limanını tərk etmələri barədə verilən bəyanat istənilən razılaşmaları pozan bir addımdır:
"İrəvan bununla kifayətlənməyəcək, Rusiya sərhədçilərini digər nəzarət məntəqələrindən də çıxartmağa və onları Qərb qüvvələri ilə əvəzləməyə çalışacaq. Çünki Ermənistan özü təkbaşına sərhədlərini qorumağı bacarmır. Rusiyanın buna münasibəti necə olacaq, hələ ki müəyyən etmək çətindir. Amma düşünürəm, reaksiya sərt olacaq. Hər şeyə hazır olmaq lazımdır, Rusiya hələ ki bu bəyanatları Ermənistanla diplomatik yollarla həll etməyə çalışır.
Bəli, Ermənistan KTMT-də iştirakını dondurub və təşkilata daxil olan ölkələr haqqında bildiyi daxili məlumatları Fransaya ötürüb. Rusiyaya qarşı satqınlıq edib. Birmənalı olaraq onu deyə bilərəm ki, Rusiya hərbi bazası Ermənistanda qalacaq. Aydın məsələdir ki, Qərb ölkələri hazırda Ermənistana yalan vədlər verərək Avropa İttifaqına daxil olmasını və NATO ilə daha yaxın olmasını tələb edirlər. Amma Ermənistan düşünmür ki, ola bilsin, tezliklə NATO bloku artıq mövcud olmasın. Bundan sonra kiminlə dostluq edəcək, bax bu məlum deyil".