Fəlakət Dağıstanı belə alt-üst etdi | Dəhşətli görüntülər: Daşqın hər şeyi yuyub-apardı - Baku TV
Dağıstanda son onilliklərin, medianın məlumatına görə isə 100 ilin ən güclü daşqının fəsadları ilə mübarizə davam edir.
İlkin qiymətləndirmələrə görə, güclü yağışlar nəticəsində təxminən 15 500 nəfər zərər çəkib.
Martın 27-29-da yağan leysan yağışlarının ilk dalğası çaylarda suyun səviyyəsinin kəskin artmasına və bir sıra rayonlarda subasmalara səbəb olub. Xasavyurdda dəmiryol körpüsünün aşırımları çöküb, Mahaçqala və Dərbənddə yaşayış evləri və yollar su altında qalıb, onminlərlə insan işıqsız qalıb. Su axınları avtomobilləri yuyub aparıb, təcili xidmətlər gücləndirilmiş iş rejiminə keçib.
Vəziyyəti daha da ağırlaşdıran 4-5 apreldəki yeni yağıntı dalğası olub. Dərbənddə Qecux su anbarının bəndinin dağılması yaşayış məntəqələrinin su altında qalmasına səbəb olub. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 4 mindən çox insan təxliyə edilib.
Daşqınların növbəti dalğası aprelin 6-da qeydə alını. Mahaçqalada torpağın yuyulması səbəbindən yaşayış binasının bir hissəsi uçub, bir sıra rayonlarda sürüşmələr baş verib. 2 mindən çox ev su altında qalıb, yüzlərlə insan müvəqqəti yaşayış məntəqələrinə yerləşdirilib.
Aprelin 7-də regionda fövqəladə vəziyyət rejimi tətbiq edilib. Fövqəladə hallar naziri Aleksandr Kurenkov Rusiya Prezidenti Vladimir Putinə vəziyyət barədə məruzə edib. Aprelin 8-də dövlət başçısının tapşırığı ilə Baş nazir Mixail Mişustin daşqınların fəsadlarının aradan qaldırılması üzrə hökumət komissiyası yaradıb.
Son məlumatlara görə, uşaqlar da daxil olmaqla, azı 6 nəfər ölüb, 2 mindən çox ev su altında qalıb, 6 mindən çox sakin təxliyə edilib. İlkin qiymətləndirmələrə görə, dəyən ziyan 1 milyard rublu, təxminən 12,7 milyon dolları ötür.
