İnsan oğurlayıb əllərini basdırırlar ki... | 13 manat pensiya verilən ölkə - ORALARDA NECƏDİR?
“Oralarda necədir?” rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə Bakıdan 5341 kilometr uzaqlıqda yerləşən, dumduru suyu olan Hind okeanı, keçilməz cunqli meşələri, ağ qumu, xurma ağacları və əfsanəvi Freddi Merkürisi ilə məşhur olan Zənzibardan bəhs olunub.
Bu diyar haqqında ilk məlumatlar 10-cu əsrə aiddir. Şirazdan gələn köçkünlər yerli əhali ilə tez assimilyasiya olsalar da, hələ də buranın sakinləri özlərini “şirazi” adlandırırlar. Buralara İslam dinini da onlar gətirib.
Vaxtilə Şərqi Afrikanın ən böyük qul bazarı sayılan və fil sümüyü ticarəti ilə məşhurlaşan Zənzibar daha sonra Böyük Britaniyanın əlinə keçib. 1964-cü ildən isə zənzibarlılar müstəqildirlər.
Burada əsas din İslamdır, əhali isə müxtəlif inanclara qarşı tolerantdır. Üstəlik, Zənzibarda həkimə getmək əvəzinə şamanın yanına gedib müalicə almaq da geniş yayılıb. Xəstənin rituala pulu olmayanda isə şamanlar ona hansısa məlhəm və ya amulet verirlər.
Zənzibarda amulet hazırlanmasının qorxulu hekayəsi var. Belə ki, dünyada albinoslar ən çox Tanzaniyada doğulur. Şamanlar hesab edirlər ki, ən effektiv amuletlər isə piqmenti olmayan, ağdərili afrikalıların bədən hissələrindən hazırlanır.
Elə bu səbəbdən də bir çox şamanlar albinos ovuna çıxaraq onları oğurlayırlar. Deyirlər ki, əgər albinosun əlini öz həyətində basdırsan, həmişə pulun olacaq.
Burada İslam dini əsasdır və buna görə də kişilərin iki qadınla ailə qurmasına icazə verilir. Kasıb və ehtiyac içində yaşamalarına baxmayaraq, bəzi kişilər dinin icazə verdiyi bu imkandan istifadə edirlər. Bəzən birinci arvadları buna narazı olsalar da, qarşı çıxa bilmirlər, çarəsizlikdən susurlar. Amma qadınların bəziləri də buna etiraz etmirlər, hətta ərinin ikinci arvadına hədiyyə bağışlayanlar da olur.