İsrail-Livan münaqişəsi pik həddə | Ölü və yaralılar var
İsrailin Hərbi Hava Qüvvələri Livanın cənubunda HİZBULLAH hərbi qruplaşmasının hərbi obyektlərinə zərbələr endirib. Nəticədə 1 nəfər ölüb, azı 20 nəfər yaralanıb.
Yerli medianın yaydığı məlumata görə, daha əvvəl İsrail Ordusu Şıxin bölgəsində qruplaşmaya məxsus binaya hücum edib.
Bundan əlavə, Kfarkel bölgəsindəki hərbi struktur da ordunun hədəfləri sırasında olub. Xiyam, Ayta əş-Şab və Alma əl-Haeb bölgələri də hücuma məruz qalıb.
Qruplaşmanın sözçüsü məsələ ilə bağlı açıqlama verib.
“Mülki vətəndaşların itkisi ürəyimizi ağrıdır. Biz bunun əvəzini çox ağır şəkildə ödədiyimizi başa düşürük. Bütün bunlar onu göstərir ki, İsrail tərəfi qorxaq olduğu üçün yalnız hərbçiləri deyil, mülki insanları da hədəf alır. Ona görə də bunun əvəzini ya beynəlxalq arenada, ya da ki, bizim müqavimətimizlə qarşı-qarşıya gələrək ödəməlidirlər”, – deyə İbrahim Əl-Musavi bildirib.
Onu da bildirək ki, İsrail Müdafiə Ordusunun Livanın Seyda şəhərinə endirdiyi aviazərbələr nəticəsində Fələstin Milli Azadlıq Hərəkatının ali hərbi komandiri, “Əl-Əqsa Şəhidləri” adlı briqadanın liderlərindən olan Xəlil Əl-Məqdəh həlak olub.
Onun qardaşı, general Münir Əl-Məqdəh, o cümlədən də qruplaşmanın daha bir ali nümayəndəsi Fəthi Əbu Əl-Ərədat komandirin ölümü ilə bağlı xəbəri təsdiqləyiblər.