İsrail raket atəşinə tutuldu | “Hizbullah”la gərginlik pik həddə
“Hizbullah” hərbi qruplaşması İsraildə yerləşən Meron bazasına 40-dan çox raket atıb. Bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
Bildirilib ki, ölkənin “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi hərbi qruplaşmanın atdığı raketlərin əksəriyyətini zərərsizləşdirə bilməyib. Nəticədə sözügedən əraziyə düşən hərbi sursatlar böyük yanğının yaranmasına səbəb olub.
Xarici mediada hücumun Təl-Əvivin Livanın cənubunda mülki ərazilərə, xüsusən də Maarub şəhərinə endirdiyi zərbələrə cavab olaraq həyata keçirildiyi yazılıb.
Bu arada, İsraildən də “Hizbullah”a cavab gecikməyib. SAXAL Livanın cənubundakı Tir bölgəsində qruplaşmanın reaktiv yaylım atəşi sistemini, o cümlədən Kafr Kilada yerləşən və istifadəsində olan binanı vurub.
Hücumların fonunda, İsrailin müdafiə naziri Yoav Qallant sosial şəbəkə hesabında paylaşım edərək qeyd edib ki, ölkəsi Beyrut və Tehranın hərəkətlərini yaxından izləyir.