İsraildən Beyruta dağıdıcı zərbələr | Ölənlər və yaralananlar var
İsrail Silahlı Qüvvələri Livanın paytaxtına növbəti zərbə endirib. Azı 6 nəfər ölüb, 15 nəfər yaralanıb.
Əraziyə axtarış-xilasetmə qrupları cəlb olunub. İsrail Müdafiə Ordusunun məlumatına görə, Beyrutun cənubunda yerləşən Dahiyaya endirilən zərbələrin əsas hədəfi “Hizbullah”ın raket bölməsinin komandiri Tələl Hamiyədir.
Qeyd edək ki, ABŞ hökuməti komandirin başına 7 milyon dollara qədər pul qoyub. Zərbə nəticəsində hərbi qruplaşmanın raket bölməsinə rəhbərlik edən komandirlərdən biri olan İbrahim Qubeysi öldürülüb. Bu, Livan paytaxtına edilən 5-ci belə hücumdur.
Xatırladaq ki, sentyabrın 23-ü İsrailin Livana endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 558-ə çatıb. Məlumata görə, onlardan 50-si uşaq, 95-i isə qadındır. Livan Təhsil Nazirliyi ölkə daxilində dərslərin dayandırıldığını açıqlayıb. Daxili İşlər Nazirliyi isə İsrailin hücumları nəticəsində didərgin düşən vətəndaşların yerləşdirilməsi məqsədilə məktəblərin sığınacaq kimi fəaliyyət göstərdiyini bildirib.