Kanadada 70 illik sirrin üstü açıldı | Baş nazir üzr istədi
Kanadanın Manitoba regionunda maraqlı hadisə qeydə alınıb.
Belə ki, təxminən 70 il əvvəl Arborq Sağlamlıq Mərkəzində dünyaya gələn 2 nəfər səhvən başqa analara verilib. Tam təsadüf nəticəsində onların yanlış ailələrdə yaşadıqları məlum olub.
Manitobanın Baş naziri Vab Kinyu hər 2 şəxsdən rəsmi şəkildə üzr istəyib:
"Bu, 68 ildir ki, onlara verməli olduğumuz bir borcdur. Bu insanlar həyatları boyunca onlara aid olan dəyərli bir şeydən uzaqda yaşamaq məcburiyyətində qalıblar. Ed və Riçard bu gün Manitoba hökuməti və səlahiyyətli qurumlar tərəfindən yol verilən səhvin qurbanları kimi buradadırlar.
Bilirəm ki, sizin yaşadığınız çətinlikləri heç bir şəkildə dəyişdirə bilmərik, ancaq səhvimizi etiraf etməli və buna görə üzərimizə düşən məsuliyyəti yerinə yetirməliyik. İndiyədək çəkdiyiniz ağrıya çarə ola bilməsək də, ən azı indi işlərinizi bir qədər asanlaşdıra bilərik. Manitoba hökuməti adından sizə qarşı laqeyd yanaşdığımız üçün səmimi qəlbdən üzr istəyirik".
Məlumat üçün bildirək ki, hekayənin qəhrəmanları 68 yaşlı Riçard Bovais və Eddi Ambroz 1955-ci il iyunun 28-də yanlışlıqla bir-birinin ailələrinə təhvil veriliblər. Yalnız 2023-cü ildə Riçard Bovais DNT testi verdikdən sonra kanadalı olmadığını, Ukrayna və yəhudi irsinə sahib olduğunu öyrənib. Eddi Ambroz isə kanadalı olmasına baxmayaraq, Ukraynadan ölkəyə köçən bir ailə ilə yaşayıb.