Kiyevin Qara dənizdəki təcrübəsi nümunə göstərildi
Volodimir Zelenski Yaxın Şərqdəki münaqişə fonunda Hörmüz boğazını açıq saxlamağın yollarını nəzərdən keçirən ölkələrlə Qara dənizdə naviqasiya azadlığının təmin edilməsi sahəsində Kiyevin təcrübəsini bölüşməyi təklif edib.
Ukrayna Prezidenti bu barədə videomüraciətində bildirib.
Zelenski qeyd edib ki, ölkənin xarici işlər naziri Andrey Sibiqa 40 ölkənin qatıldığı Hörmüz boğazının yenidən açılması məsələsinə həsr olunmuş virtual görüşdə iştirak edib.
Onun sözlərinə görə, Ukrayna dəniz yolları, dəniz nəqliyyatının qorunması və bərpası ilə bağlı müvafiq təcrübəyə malikdir.
"Əgər tərəfdaşlarımız hərəkətə keçməyə hazırdırlarsa, onları necə gücləndirə biləcəyimizi, təcrübəmizi, biliklərimizi və texnoloji potensialımızı necə tətbiq edə biləcəyimizi nəzərdən keçirəcəyik", – deyə Ukrayna lideri vurğulayıb.
O həmçinin bildirib ki, müharibənin həlli üçün danışıqlarda Ukraynanın baş danışıqçısı Rüstəm Umerovdan cümə günü bu məsələ ilə bağlı irəliləyiş hesabatı gözləyir.
