Kreml Zelenskinin “Qələbə planı”nı şərh etdi | Sənədə nələr daxildir?
“Görünür, Volodimir Zelenski öz sülh planını ABŞ-nin son ukraynalıya qədər döyüşməklə bağlı siyasətinin davamı olaraq təqdim edir”.
Bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Ukrayna Prezidentinin Ali Radada Rusiya ilə müharibədə ölkəsinin “Qələbə planı”nı təqdim etməsini şərh edərkən deyib.
“Artıq neçə həftədir ki, müvəqqəti sülh planı haqqında danışılır. Çox güman ki, bu, V.Zelenskinin sülh adlandırdığı, lakin Vaşinqtonun sonuncu ukraynalıya qədər Rusiya ilə döyüşmək planı ilə eyni əhəmiyyəti kəsb edir. Zənnimcə, bu belədir. Orada hansısa başqa plan yoxdur”, – deyə D.Peskov vurğulayıb.
Qeyd edək ki, V.Zelenskinin təqdim etdiyi “Qələbə planı”nın 1-ci müddəası Ukraynanın dərhal NATO üzvlüyünə dəvət edilməsini nəzərdə tutur. İkinci bənddə Ukraynanın müdafiə sənayesi sahəsində istehsalın və Qərb tərəfdaşlarının köməyinin genişləndirilməsi qeyd edilib.
Növbəti müddəada isə Ukrayna ərazisində Rusiyadan gələn istənilən təhlükədən qorunmasını təmin edən müdafiə sistemlərinin yerləşdirilməsi əks olunub. Planın 4-cü bəndi Rusiya neftinin idxalının məhdudlaşdırılması ilə bağlıdır. Sənədin sonuncu müddəası müharibədən sonra ölkədə peşəkar hərbçilərdən ibarət ordunun formalaşdırılacağına dair təklifdən ibarətdir.