Lukaşenko: Ermənistan həmişə özünü tərəfdaş kimi aparmır
“Ermənistan Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələrə münasibətdə həmişə özünü tərəfdaş kimi aparmır”.
Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında bildirib.
“Birincisi, Gürcüstan bizim assosiasiyadan çıxdı, de-fakto Ukrayna bizimlə deyil. Moldova ilə bağlı böyük suallar var. Təəssüf ki, Ermənistan da həmişə özünü tərəfdaş kimi aparmır”, – deyə A.Lukaşenko bildirib.
Belarus liderinin sözlərinə görə, belə bir vəziyyəti kənardan sakit müşahidə etmək olmaz, çünki əks halda MDB ölkələri sadəcə parçalanacaq.
Qeyd edək ki, bu gün Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Rusiya Prezidenti Vladimir Putin, Tacikistan Prezidenti Emomali Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak edirlər. Ermənistan hökumətinin mətbuat xidməti bundan əvvəl Baş nazir Nikol Paşinyanın Bişkekə uçmayacağı barədə məlumat vermişdi.