Moskvadan İrəvana sərt xəbərdarlıq | Qaluzindən açıqlama
“Rəsmi Moskva Ermənistanın Vaşinqtonda keçirilən NATO sammitində iştirakına görə son dərəcə təəssüflənir”.
Bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin yerli mediaya açıqlamasında bildirib.
O qeyd edib ki, Ermənistan Rusiya ilə konstruktiv dialoq aparmaq və bütün problemləri həll etmək əvəzinə başqa yol seçib:
“Təhlükəsizlik sahəsindən danışarkən vurğulamaq istəyirəm ki, Ermənistan KTMT-nin üzvü olaraq qalır və hərbi-texniki sahədə çoxsaylı ikitərəfli sazişlərin iştirakçısıdır. Bunu gərək unutmasın. Ermənistan bu günlərdə Vaşinqtonda keçirilən bu hərbi-siyasi blokun sammitində iştirakdan başqa NATO standartlarının həyata keçirilməsi, silahların alınması və ya birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi baxımından NATO və ya alyansın ayrı-ayrı üzvləri ilə qarşılıqlı fəaliyyəti artırmağa üstünlük verir. Bütün bunlar həddindən artıq təəssüfdən başqa heç nəyə səbəb ola bilməz. Ermənistanın belə bir təşəbbüsü Cənubi Qafqazda vəziyyəti ciddi şəkildə pozmaq, öz təhlükəsizliyinə zərər vurmaq riskini daşıyır”.
Qeyd edək ki, Vaşinqtonda keçirilən NATO sammitində Ermənistanı xarici işlər naziri Ararat Mirzoyan təmsil edir.