Müharibənin yeni dalğası | ABŞ Ukraynada nüvə silahı yerləşdirir?
Şərqi Avropada gedən müharibə fonunda İsveç və Polşa ərazilərində ABŞ nüvə başlıqlarının yerləşdirilməsi bölgədə silahlanmanın yeni dalğasını yaradıb.
Bu iki ölkənin ardınca ərazisində genişmiqyaslı müharibə gedən Ukraynanın da bu karvana qoşulub-qoşulmayacağı müzakirə mövzusudur. Xüsusilə Rusiyanın taktiki nüvə təlimləri və Belarusda nüvə başlıqlarının yerləşdirilməsindən sonra Ukraynada da ABŞ nüvə silahlarının yerləşdirilməsi məsələsi ictimaiyyətin diqqət mərkəzindədir.
Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak bildirib ki, burada nüvə silahlarından danışmağa gərək yoxdur: “Hücumları effektiv şəkildə dəf etmək üçün yetəri sayda adi silah əldə etmək imkanından danışmalıyıq. Çünki hələ də silahların sayı ilə bağlı problemlərimiz var. İstərdik ki, daha çox adi silahımız olsun. Mənə elə gəlir ki, Rusiya prinsipcə artıq nüvə silahının yayılmaması haqqında müqaviləni pozub. Taktiki nüvə silahlarının, nüvə başlıqlarının bir hissəsi Belarusa köçürülüb. Amma bunu etmək hüquqları yox idi.
Bundan əlavə, unutmayaq ki, Rusiya hazırda Zaparojye vilayətindəki nüvə stansiyasından qlobal şantajın əsas elementlərindən biri kimi istifadə edir. Yəni başa düşmək lazımdır ki, burada məsələ nüvə silahının yerləşdirilib-yerləşdirilməməsi deyil, Rusiyanın bütün bu pozulmuş beynəlxalq müqavilələrə görə cavab verməsidir”.
Qeyd edək ki, son vaxtlar hərbi ekspertlər Ukraynada gedən müharibənin yeni dalğası fonunda taktiki nüvə silahından istifadə ehtimalının artması ilə bağlı həyəcan təbili çalırlar.