Peskovdan Putinin Trampı təbrik etməməsi ilə bağlı açıqlama | Rusiya ilə ABŞ-nin münasibətləri...
Vladimir Putinin Trampı ABŞ seçkilərindəki qələbəsi münasibətilə təbrik etmək fikri yoxdur.
Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlər tarixin ən aşağı nöqtəsindədir, onların gələcək taleyi ABŞ rəhbərliyindən asılıdır.
“Mən Prezidentin D.Trampı seçki münasibətilə təbrik etmək planlarından xəbərsizəm. Unutmayaq ki, söhbət həm birbaşa, həm də dolayısı ilə dövlətimizə qarşı müharibədə iştirak edən dost olmayan ölkədən gedir”, – o qeyd edib.
D.Peskovun sözlərinə görə, Kreml D.Trampın Rusiya ilə bağlı ilk bəyanatı və konkret addımları əsasında nəticə çıxaracaq.
“Rusiya Prezidenti Vladimir Putin ABŞ ilə təmaslara və dialoqa açıqdır. Onun təmaslara və dialoqa açıqlığını xatırlatmaq lazım deyil, bu, dünyada yaxşı məlumdur. Hələlik Vaşinqtonla münasibətin dəyişib-dəyişməyəcəyi 2025-ci ilin yanvarında, ABŞ-nin yeni Prezidenti vəzifəyə başladıqdan sonra bəlli olacaq. Hazırda ABŞ administrasiyası diametral şəkildə əks mövqe nümayiş etdirir. Yanvarda nə olacağını görəcəyik”, – D.Peskov bildirib.