Rusiya üçün növbəti təhlükə var? | Politoloq İŞİD-in planlarını ifşa etdi
“Crocus” terrorundan sonra İŞİD-in Mərkəzi Asiya respublikalarından xeyli şəxsi sıralarına cəlb etdiyi üzə çıxıb. 8-10 il əvvəl sözügedən terror qruplaşmasına Azərbaycandan qoşunlar da var idi.
Bu proses Mərkəzi Asiyada terror ocaqlarının yaranmasına səbəb ola bilərmi?
Mövzunu şərh edən politoloq Natiq Miri İŞİD-in Xorasan qolunun aktivləşməsinin təsadüfi olmadığını deyib:
“Prosesin Moskvada başlaması böyük planlardan xəbər verir. Bu planlar bilavasitə Rusiya-Çin-İran birliyinə qarşıdır. Zamanında Ukrayna müharibəsinin başlaması ilə bu üçlük Fələstin və İsrail ərazisində süni münaqişə ocağı yaratdılar. Bu, ABŞ və Qərb üçün açılan ikinci cəbhə idi. Cavab kimi Qərb Cənubi Qafqazda zəif bənd olan Ermənistan vasitəsilə Rusiya üçün ikinci cəbhəni açmaq istəyir.
İŞİD-in Xorasan qolunun Asiyada aktivləşməsi göstərir ki, Rusiyanın növbəti geosiyasi maraqları olan Mərkəzi Asiyada da eyni hal yaşana bilər. Rusiya və Çin üçün üçüncü cəbhə açılır. Xaos yarandığı halda rəsmi Moskva KTMT-nin əsas nüvəsi olduğuna görə Mərkəzi Asiya ölkələrində bu bəlaya qarşı mübarizə aparmalıdır. Deməli, Rusiya hazırkı müharibədən öz qüvvələrini sözügedən istiqamətə yönəltməlidir.
Bu da onun zəifləməsinə səbəb olacaq.
Böyük oyun gedir. Rusiya ilə yanaşı, Çinin “Bir kəmər, bir yol” layihəsi də hədəfdədir. Qərb dünyası və ABŞ buna qarşıdır. Eynilə Zəngəzur dəhlizinin açılmaması istiqamətindəki yanaşmanı nümayiş etdirirlər”.
Azərbaycandan İŞİD-ə qoşulanların olması ehtimalından danışan N.Miri qeyd edib ki, bu sahədə kəşfiyyat məsələləri ilə yanaşı, maarifləndirmə işləri də aparılmalıdır.