Rusiya Zaporojyeyə zərbələr endirəcək?
Ukrayna kəşfiyyatı Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasında terror aktı törətməyə hazırlaşması ilə bağlı növbəti dəfə iddia səsləndirib.
Kəşfiyyat xidməti bununla bağlı xüsusi xəritə də paylaşıb. Xəritədə Zaporojye AES-in vurulacağı zaman radiasiyanın yayılacağı ölkələr göstərilib.
Bu arada, Ukrayna və Fransa prezidentləri – Volodimir Zelenski ilə Emmanuel Makron arasında telefon danışığı oldub. V.Zelenski iddia ilə bağlı məlumat verib və narahatlığını dilə gətirib. O bildirib ki, Rusiya qüvvələri Zaporojye AES-in bir neçə enerji blokunun damında partlayıcıya bənzər qurğular yerləşdiriblər. Liderlər stansiyanın partladılacağı təqdirdə yarana biləcək təhlükəni də müzakirə ediblər.
Qeyd edək ki, Rusiya və Ukrayna 2022-ci ilin fevralında müharibə başlayandan bu günədək bir-birini sözügedən elektrik stansiyasının təhlükəsizliyini risk altına atmaqda ittiham edir.