Seçki şousu, yoxsa mövqe dəyişikliyi? | Tramp hakimiyyətə gələrsə…
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın Vladimir Putini Moskvanın mərkəzində zərbə endirməklə hədələməsi ilə bağlı “The Wall Street Journal”ının yazdığına münasibət bildirib.
D.Peskov hazırda Amerikada keçirilən seçki kampaniyasında çoxlu “qızğın və emosional bəyanatlar”ın səsləndiyini qeyd edib.
“Rusiya məsuliyyətli mövqe tutmaqda davam edir və ən yüksək səviyyədə gedən ictimai danışıqları şərh etmir”, – Kremlin mətbuat xidmətinin rəhbəri əlavə edib.
Xatırladaq ki, WSJ nəşri D.Trampın V.Putinə “lənətə gəlmiş Moskvanın düz mərkəzinə” zərbə endirə biləcəyini söylədiyini bildirib. Bununla belə, nəşr amerikalı siyasətçinin bu cür sözləri harada və nə vaxt dediyini dəqiqləşdirməyib.
Bəzi versiyalara görə, ya D.Tramp, ümumiyyətlə, belə söz deməyib, ya da seçkiqabağı təşviqat kampaniyasında özünü anti-Rusiya mövqeyində olan biri kimi göstərərək rəqibi Kamala Harrisdən seçici cəlb edəcəyini güman edir.
Məlumdur ki, rəqibləri D.Trampı ictimaiyyətə Moskvapərəst biri kimi tanıdır, hakimiyyətə gələrsə, ölkənin əsas maraqlarını Rusiyaya güzəştə gedəcəyini iddia edirlər.