Tramp jurnalisti nəyə görə hədələdi? | Epşteyn haqqında suala cavab necə oldu? - Baku TV
ABŞ Prezidenti Donald Tramp CNN telekanalının jurnalisti Keytlin Kollinslə növbəti dəfə qarşı-qarşıya gəlib.
Ağ Ev rəhbəri jurnalisti yalan danışmaqda və qeyri-peşəkarlıqda ittiham edərək onu sərt şəkildə təhqir edib.
Hadisəyə Kollinsin azyaşlıların cinsi istismarında təqsirləndirilən məşhur maliyyəçi Ceffri Epşteynin işi üzrə qurbanlarla bağlı verdiyi sual səbəb olub. Sualdan qəzəblənən Tramp jurnalistə qarşı şəxsi hücuma keçib.
“Sən ən pis müxbirsən. CNN-in sənin kimi insanlara görə reytinqi yoxdur. Səni 10 ildir tanıyıram, bir dəfə də olsun gülümsədiyini görməmişəm. Niyə gülümsəmədiyini bilirsən? Çünki həqiqəti demirsən”, – deyə Tramp söyləyib.
Qeyd edək ki, bu, Tramp və Kollins arasında yaşanan ilk gərginlik deyil. Ötən ilin dekabrında jurnalist Ağ Evin yeni bal zalının tikinti xərclərinin elan olunandan daha baha başa gələcəyini bildirdikdən sonra Tramp onu axmaq adlandırmışdı. ABŞ lideri büdcə artımını layihənin ikiqat böyüdülməsi və interyerin yüksək keyfiyyəti ilə əsaslandırmışdı.
