Yer planeti barədə indiyə qədərki fikirləri alt-üst edən kəşf
Beynəlxalq Seysmoloji Mərkəz Yerin içərisində əvvəllər məlum olmayan təbəqənin – ikinci daxili nüvənin aşkar edildiyini bildirib.
Alimlərin fikrincə, bu kəşf planetin quruluşu ilə bağlı formalaşmış fikirləri kökündən dəyişdirir.
Yeni quruluşun kəşfindən əvvəl ümumiyyətlə qəbul edilirdi ki, Yerin quruluşu dörd əsas təbəqədən ibarətdir: yer qabığı, mantiya, xarici və daxili nüvələr.
Yeni nüvə minlərlə seysmik dalğa qeydini təhlil edən innovativ alqoritm sayəsində müəyyən edilib.
Tədqiqatçılar deyirlər ki, təxminən 5000°C temperaturda isti daxili nüvə fiziki xüsusiyyətlərinə görə fərqlənən iki təbəqədən ibarətdir. Əsas amil seysmik dalğaların davranışındakı fərqlər idi: onlar ekvator və Yerin fırlanma oxu boyunca fərqli şəkildə yayılırlar.
Aparıcı tədqiqatçı Coan Stivensonun sözlərinə görə, bu anomaliyalar planetin soyumasının müxtəlif mərhələlərində baş verən dəmir strukturunda qeydə alınan dəyişikliklərlə bağlı ola bilər. İkinci daxili nüvənin yaranma mexanizmi hələ ki, sirr olaraq saxlanılır.