Əyri çənə düzəldildikdən sonra Bəsiyanın qidalanma problemi də aradan qalxıb
Çinli mütəxəssislər insanlarda istifadə olunan ortodontik müalicə üsulunu uyğunlaşdıraraq nəhəng pandanın əyri çənəsini uğurla düzəldiblər. Bu, nəhəng panda üzərində həyata keçirilən ilk belə prosedur olub.
2022-ci ildə doğulan Beisya adlı erkək panda qısa müddət sonra çənəsindən ağır xəsarət alıb. Təxminən üç aylıq olanda onun alt çənəsi sola doğru əyilməyə başlayıb. Bu isə qidalanmasını çətinləşdirib və gələcəkdə bambuk çeynəyə bilməyəcəyi ilə bağlı ciddi narahatlıq yaradıb.
Baytarlar və ortodontistlər pandanın çənəsi hələ inkişaf mərhələsində olduğu üçün müalicəyə erkən başlamaq qərarına gəliblər. Onun ağız boşluğu rəqəmsal üsulla skan edilib və fərdi ölçülərə uyğun ortodontik aparat hazırlanıb. Üç elastik bant vasitəsilə çənəyə yüngül dartılma tətbiq olunaraq onun düzgün istiqamətdə inkişafına şərait yaradılıb.
Müalicə təxminən altı ay davam edib. Sonrakı müayinələr zamanı çənə əyriliyinin böyük ölçüdə aradan qaldırıldığı, pandanın normal çeynəmə və udma funksiyalarının bərpa olunduğu müəyyənləşib.
Hazırda dörd yaşında olan Beisya normal qidalanır, aktiv və oynaq həyatını davam etdirir. Mütəxəssislər bu üsulun vəhşi heyvanlarda üz-çənə problemlərinin müalicəsi üçün yeni imkanlar yaratdığını bildirirlər.
