Zaxarova: Jurnalistlərin saxlanılması Qərbin təxribatıdır
Ermənistanda rusiyapərəst bloger Mika Badalyan və “Sputnik Ermənistan” radiosunun icmalçısı Aşot Gevorkyan sentyabrın 6-da axşam saat 21:00 radələrində Gorusda qaldığı hotelin yaxınlığında naməlum maskalı şəxslər tərəfindən qaçırılıb.
Bu barədə yerli mətbuat məlumat yayıb. Bildirilib ki, Mika Badalyan Aşot Gevorkyanla birlikdə daha 5 nəfər odlu silahların qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb.
İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan “Facebook”dakı səhifəsində yazıb ki, onlar Cinayət Məcəlləsinin qanunsuz olaraq silah əldə etmə, satma, saxlama, daşıma, çatdırma maddələri ilə saxlanılıblar. Onlar Ermənistan İstintaq Komitəsindədirlər və faktla bağlı istintaq tədbirləri davam etdirilir.
Rusiyanın Ermənistandakı səfirliyinin açıqlamasına görə isə Mika Badalyan və “Sputnik Ermənistan” radiosunun icmalçısı Aşot Gevorkyanın saxlanılması narahatlıq doğurur.
Qeyd edək ki, Badalyan daha əvvəl İrəvanda və ölkə xaricində terror aktlarının hazırlanması barədə yalan məlumat yaydığına görə həbs edilib, lakin sonradan zaminə buraxılıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da rusiyayönümlü jurnalistlərin saxlanılmasına münasibət bildirərkən bu halı İrəvanda Erməni-Rusiya media forumunun keçirilməsinə qarşı təxribat adlandırıb.
“Yatıb iki ölkə arasında münasibətləri necə pozacağını görənlərin təxribatıdır bu. Qərb isə buna çoxlu pul yatırır”,– deyə Zaxarova yazıb.
Rusiya rəsmisi onu da qeyd edib ki, o, Ermənistan rəhbərliyinin “jurnalistlərin təqibinə sanksiya qoyacağına və məlumatların yayılmasının qarşısını alacağına” inanmır.