Zelenskiyə təşəkkür etdim və dedim ki... | Orban detalları açıqladı
“Ukrayna Prezidenti Volodimir Zelenskini vaxtın Kiyevin tərəfində olmadığına inandırmağa çalışdım və barışığın təşkilinə kömək təklif etdim, lakin V.Zelenski rədd etdi”.
Bu sözləri Budapeştdə Avropa Birliyi Sammitindən sonra keçirilən mətbuat konfransında Macarıstanın Baş naziri Viktor Orban deyib.
“Mən Kiyevə ukraynalılara təzyiq yox, kömək təklif etmək üçün getmişdim. Prezident V.Zelenskiyə dedim: “Vaxt sizin tərəfinizdə deyil, mən sülhə kömək etməyə və məqbul sülhə nail olmağa hazıram”. Lakin V.Zelenski cavab verdi ki, vaxt onların müttəfiqidir. Bundan sonra mən sadəcə ona təşəkkür etdim və dedim ki, mənim missiyam bitdi”, – deyə Macarıstan lideri bildirib.
O vurğulayıb ki, bacardığını edib, amma heç vaxt ukraynalılara gedəcəkləri yolu diktə etməyə cəsarət etməz: “Bu, onların ölkəsi, gələcəyi, taleyidir”.
Qeyd edək ki, iyulun əvvəlində V.Orban bir sıra ölkələrin liderləri, o cümlədən Rusiya Prezidenti Vladimir Putin, Çin Prezidenti Si Cinpin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Donald Tramp, həmçinin Volodimir Zelenski ilə görüşüb.
Daha sonra o, vəziyyətin real qiymətləndirilməsinə və əldə edilə bilən məqsədlərə əsaslanan yanaşma təklif edərək Avropa Birliyi liderlərinə münaqişənin həlli planını təqdim edib.