Anasını amansızlıqla qətlə yetirən oğul hakim qarşısında | Qandonduran detallar
Paytaxtda anasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Qaradağ rayon sakini Kamran Şükürzadənin cinayət işinin ilk məhkəmə hazırlıq iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə baş tutan prosesdə ittiham olunan şəxsin anket məlumatları dəqiqləşdirilib.
Kamran Şükürzadə törətdiyi hadisə ilə bağlı vurğulayıb ki, o, anasını qətlə yetirərkən özündə olmayıb və bunu kəskin psixi problemlərinin olması ilə əsaslandırıb.
Təqsirləndirilən barədə seçilən həbs qətimkan tədbirinin qüvvədə saxlanılaraq cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar çıxarılıb. İlk məhkəmə baxış iclası noyabrın 27-nə təyin edilib.
İstintaq müddətində araşdırmalarla müəyyən edilib ki, anasını öldürməkdə təqsirləndirilən Kamran Şükürzadə epilepsiya xəstəliyindən əziyyət çəkir. Onun himayəsində iki azyaşlı övladı var.
Qeyd edək ki, hadisə 2024-cü il iyulun 20-də saat 07:00 radələrində Qaradağ rayonu Ümid qəsəbəsi ərazisində baş verib. 1967-ci il təvəllüdlü Aybəniz Şükürovanın öldürülməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1991-ci il təvəllüdlü Kamran Şükürzadənin şəxsi münasibətlər zəminində anası Aybəniz Şükürovanı bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisədən sonra könüllü olaraq polisə təslim olan Kamran Şükürzadə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub. Ona qarşı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb.