Bakıda evində çətənə kolları yetişdirən şəxs saxlanıldı
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Maştağa qəsəbəsində narkotik tərkibli çətənə bitkilərinin kultivasiyasının qarşısının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib.
Belə ki, bölməyə qəsəbə sakini Ramil Quliyevin yaşadığı evin zirzəmisində çətənə bitkilərinin kultivasiyası ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub. Polislər tərəfindən evə baxış zamanı həmin zirzəmidən Ramil Quliyevin kultivasiya yolu ilə yetişdirdiyi çəkisi 35 kiloqram olan 99 ədəd çətənə kolu, narkotik tərkibli bitkilərin toxumları və 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar olunub.
Araşdırma zamanı müəyyən edilib ki, Ramil Quliyev evin zirzəmisində çətənə bitkilərinin yetişdirilməsi üçün xüsusi havalandırma və işıqlandırma sistemi yaradıb. Ətrafda şübhə oyatmamaq üçünsə o, həmin zirzəmiyə girişi evin çöl hissəsindən yox, mənzildəki otaqların birindən açıb.
Ramil Quliyev ifadəsində çətənə bitkilərini satmaq məqsədilə əkib-becərdiyini bildirib. Faktla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib.