Bakıda müəmmalı hadisə | DİN nömrə oğruları ilə bağlı hərəkətə keçdi
Bakıda yeni oğurluq növü yaranıb. Bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, şəxs iddia edir ki, gecə ilə “Volkswagen” markalı avtomobilinin üzərindəki 99-EB-100 dövlət nömrə nişanından biri oğurlanıb:
“Oğurluq edən şəxs maşının şüşəsinə Rusiyanın mobil operatorlarına aid nömrə yazıb. Nömrə ilə əlaqə saxlanılıb, oğurluğu edən şəxs nömrəni 600 manat qarşılığında qaytaracağını deyib. Ödənişi isə M10 vasitəsilə etməyi tələb edib. Deyib ki, yalnız ödənişdən sonra avtomobilin dövlət nömrə nişanının harada olduğu barədə məlumat verəcək”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı araşdırma aparılır:
"Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs dövlət qeydiyyat nişanlarının oğurlanması, yaxud itməsi faktına aydınlıq gətirmək üçün təşəbbüs göstərməli, bu məqsədlə aidiyyəti üzrə ərazi polis orqanına yazılı müraciət etməlidir.
İtmiş və ya oğurlanmış dövlət qeydiyyat nişanı tapıldıqda, həmin dövlət qeydiyyat nişanı ilk olaraq onun sonuncu sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə təklif edilir.
Dövlət qeydiyyat nişanı itmiş və ya oğurlanmış nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinə yeni dövlət qeydiyyat nişanı almaq istədikdə “Yol hərəkəti haqqında” Qanununda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir".