İdmançı ərini qətlə yetirən qadın cəzadan azad edildi? - Bakıda qandonduran hadisə
2 sentyabr 2022-ci il tarixdə Neapol küçəsi, 41 ünvanındakı mənzildə üzərində çoxsaylı bıçaq xəsarətləri ilə Nurani Qalabəylinin meyiti aşkar edilib.
Şübhəli şəxs qismində mərhumun arvadı Əfsanə Qalabəyli saxlanılıb. Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaqla müəyyən edilib ki, sentyabrın 2-si saat 11 radələrində Əfsanə Qalabəyli əri Nurani Qalabəylinin əxlaqsız hərəkətlərindən və ünvanına mütəmadi nalayiq ifadələr işlədib təhqir etməsindən əsəbiləşərək onu qisas niyyəti ilə öldürmək qərarına gəlib. Bu məqsədlə mətbəxdən məişət təyinatlı bıçağı götürərək yataq otağına girib və yoldaşının bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 14 dəfə zərbə vuraraq onu qəsdən öldürüb.
Məhkəmə nəticəyə gəlib ki, Əfsanə Qalabəyli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulan cinayət əməlini törədib. Amma həmin əməli anlaqsız vəziyyətdə törətdiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli, barəsində psixiatriya stasionarında tibbi xarakterli məcburi tədbirlər təyin olunmalıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Əfsanə Qalabəyli cinayət məsuliyyətindən və cəzadan azad edilib. Onun barəsində psixiatriya stasionarında tibbi xarakterli məcburi tədbirlər təyin olunub.