Qəbələdəki dəhşətli qətlin təfərrüatı | Qohum hər şeyi danışdı
Qəbələnin Zərgərli kəndində dəhşətli qətl hadisəsi baş verib.
Hadisə nəticəsində iki nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Belə ki, Qəbələ sakini Əlibaba Gəncimov rayonun Zərgərli kəndinə gələrək Gülsadə Məmmədliyevanın evinə daxil olub və ov tüfəngi ilə atəş açaraq onu qətlə yetirib.
Bu zaman mərhumun nəvəsi Nurlan Məmmədliyev də özlərini müdafiə etmək məqsədilə ov tüfəngi ilə Ə.Gəncimovu qətlə yetirib.
Hadisənin dəqiq səbəbləri bilinməsə də, ailənin yaxın dostluq əlaqəsinin olduğu bildirilib.
“Hadisə barədə axşam saat 8 radələrində eşitdim. Mən gələndə gördüm ki, rəhmətə gedən adamı apardılar. Birinci Gülsadə nənəyə, sonra evin qapılarına atəş açıb. Nurlan da ailəsini müdafiə etmək üçün öz silahı ilə ona atəş açıb. Nurlan qolundan, əlindən xəsarət alıb, hazırda xəstəxanadadır. Kəndimizdə belə hadisə olmamışdı, hamı şokdadır”, – deyə mərhumun qohumu bildirib.
Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.