"Allah haqqı, ürək ağrısına salmısan bizi!" | Kürdəxanıda qalmaqal | "Sizə nə dəxli var?!" - Baku TV
Bakının Sabunçu rayonu, Kürdəxanı kəndi, “Ləhic bağları” adlanan ərazisində vətəndaşlar arasında mülkiyyətlə bağlı mübahisəli vəziyyət yaranıb. Kürdəxanı sakini Sənan Əliyevin sözlərinə görə, beş il əvvəl müvəqqəti olaraq yaşamağa icazə verdiyi şəxs hazırda onun mülkünü tərk etməkdən imtina edir.
Sənan Əliyev vurğulayıb ki, pandemiyadan sonra Firuz adlı şəxsə bağ sahəsində məskunlaşması üçün icazə verib. Lakin mülk sahibi artıq bir ildir ki, həmin şəxsdən ərazini tərk etməsini tələb etsə də, qarşı tərəf buna etiraz edir.
"Bu bağ mənə məxsusdur və bələdiyyədən verilmiş sənədim də var. Artıq bir ildir ki, Firuzdan buranı boşaltmasını tələb edirəm, çünki ailəmlə birlikdə öz mülkümə köçmək istəyirəm. Lakin o mənə qarşı zorakılıq göstərir. Demək olar ki, bir ilə yaxındır onunla bu səbəbdən münaqişə yaşayıram", – deyə şikayətçi bildirib.
Hüquqşünas Anar Ramazanovun sözlərinə görə, bələdiyyə tərəfindən mülkiyyət sənədi olan vətəndaş dərhal müvafiq məhkəməyə müraciət etməlidir:
“O, məhkəmədən torpaq sahəsində qanunsuz məskunlaşan şəxsin oradan çıxarılmasını, habelə ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb etməlidir”.
