"Əcəb edib ərimi aldatmışam" deyən qadını atası öldürdü | SONUNCU ŞAHİD
Ata həyat yoldaşına xəyanət etdiyini düşündüyü üçün qızını qətlə yetirib.
Belə ki, Rəşad (Adlar şərtidir) və Fatimə metroda tanış olub, ailə həyatı qurmuşdular. Onların münasibətləri ailə həyatına keçdikdən sonra sevgi hissləri soyumağa başlamışdı və aralarında tez-tez münaqişə baş verirdi.
Fatimənin atası Vidadi onları barışdırmaq üçün hər dəfə rayondan Bakıya gəlməli olurdu. Növbəti dəfə yenə Vidadi Fatimə və Raşadın yaşadığı evə gəlir. Onları barışdırıb getdikdən sonra Rəşad və Fatimə yenidən isti münasibət qurmağa qərar verirlər. Lakin bu barışıq cəmi bir gün çəkir. Aralarında yenidən gərgin münasibət və dava başlayır. Rəşad əsəbiləşir və evdən gedir.
Həmin gün Fatimə evdə tək idi və iş yoldaşlarından biri ilə telefonla danışır, ona sərbəst yaşamaq istədiyi barədə deyir. Bütün bunlar davam edərkən Rəşad Fatimənin aldatdığını düşünərək, onu izləmək qərarına gəlir.
Növbəti gün Rəşad həyat yoldaşı Fatiməni evdən çıxıb işə gedərkən izləməyə başlayır. Fatimə satıcı işlədiyi mağazada olarkən Rəşad qəfil oraya gəlir və yalandan telefonunun xarab olduğunu və vacib zəng edəcəyini deyərək Fatimənin telefonunu istəyir. Fatimə tərəddüd etmədən telefonu ona verir. Bundan istifadə edən Rəşad Fatimənin telefonundakı mesajlara daxil olur və onun həmkarı ilə söhbətlərinin fotolarını çəkir. Sonra telefonu qaytarır və çıxıb gedir.
Həmin gün Vidadi Rəşadın gözlənilməz zəngindən sonra Bakıya gəlir. Nə baş verdiyini bilmək və məsələni yoluna qoymaq istəyir.
O, Rəşadla kafelərdən birində görüşür. Vidadi düşünürdü ki, yenə də aralarında adi dava olub. Amma Rəşad məsələnin tam başqa olduğunu, Fatimənin ona xəyanət etdiyindən şübhələndiyini deyir.
Vidadi əsəbi halda qızı Fatimənin yaşadığı ünvana gedir. Qızının dediklərini dinləmək və hər şeyi aydınlaşdırmaq istəyir. Amma onlarına arasında mübahisə yaranır. Vidadi qızına “mənə deyiblər ki, sən həyat yoldaşına xəyanət edirsən” söyləyir. Fatimə isə atasına “Əcəb etmişəm” deyir.
Vidadi əsəbini cilovlaya bilmir və Rəşadın istifadə etdiyi idman aləti ilə qızının başına zərbə vurur. Fatimə aldığı zərbələrdən hadisə yerində həyatını itirir.