Sevgilisinin ərini öldürən Zahirdən şok etiraf | Sabunçudakı dəhşətli qətl barədə detallar - Baku TV
Sevgilisi ilə bilikdə ərini öldürməkdə təqsirləndirilən Leyla Abbasova və Zahir Soltanovun cinayət işinin məhkəməsi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən son iclasda hökm oxunub, Leyla Abbasova 15 il, Zahir Soltanov isə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı İsmayıl Cavadlı ittiham nitqi ilə çıxış edərək məhkəməyə Leyla Abbasovanın 17 il, Zahir Soltanovun isə 19 il müddətinə azadlıqdan məhrum olunmalarını təklif etmişdi.
Qeyd edək ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. 2025-ci ilin avqustun 9-da Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzinə Zabrat qəsəbə sakini 29 yaşlı İkram Piriyevin yaşadığı evdə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub. İlkin araşdırmalarla sözügedən qətlə görə Zabrat qəsəbə sakini Zahir Soltanov və qətlə yetirilən İkram Piriyevin həyat yoldaşı Leyla Abbasova 15-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub.
Təqsirləndirilənlər məhkəmədəki ifadələri zamanı sevgili olduqlarını etiraf ediblər. İkram Piriyevin qətlə yetirilməyinin səbəbi kimi isə onun həyat yoldaşı Leylanı incitməsi göstərilib.
Təqsirləndirilən Zahir Soltanov bildirib ki, o, buna görə İkrama bir neçə dəfə xəbərdarlıq etsə də, buna əhəmiyyət verməyib. Bundan sonra Zahir İkramın evinə daxil olaraq ona çoxsaylı bıçaq zərbələri vurub.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
