“Sıçrayıb uşağımın üstünə, şərləyirlər ki...” | Məktəbdə qorxunc hadisə: günahkar kimdir? - Baku TV
Masallı şəhər 3 nömrəli tam orta məktəbdə 8-ci sinif şagirdi kimyəvi məhlulun sıçraması nəticəsində xəsarət alıb. Hadisənin kimya dərsi zamanı laboratoriyada təcrübə prosesində baş verdiyi bildirilir.
Xəsarət alan şagird Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra valideynləri tərəfindən Bakıda xəstəxanalardan birinə aparılıb.
Şagirdin valideyni hadisənin müəllim köməkçisinin əlindən kolbanın sürüşməsi nəticəsində baş verdiyini iddia edib:
“Uşağımın gözünün 40 faiz görməsi qalıb. Müəllim şagirdləri laboratoriya otağına aparıb. Uşaqların gözündə eynək, maska və heç bir qoruyucu vasitə olmayıb. Kimyəvi maddə müəllimənin köməkçisinin əlindən stolun üstünə düşüb, oradan da uşaqların üzərinə sıçrayıb”.
Valideyn bildirib ki, hadisə nəticəsində digər şagirdlər də xəsarət alıb:
“Yanında oturan qızın da üzünə və üstünə sıçrayıb. Digər uşaqlardan birinin əl-qoluna düşüb, qızarıb və göynəyib. Köynəyin üzərinə tökülən məhlul onu ağardıb”.
Onun sözlərinə görə, uşağın gözündə ciddi yanıq var:
“Qızımın göz qişasında yanıq var. Həkim də deyib ki, yanığın vəziyyəti dəqiqləşdikdən sonra görməsinin bərpa olub-olmayacağı məlum olacaq”.
Valideyn məktəbdə təhlükəsizlik qaydalarına əməl olunmadığını da iddia edib:
“Müəllimin, müdirin məsuliyyətsizliyidir. Laboratoriyaya uşağı qoruyucu vasitələr olmadan niyə salırsınız? Mən qızımı sağlam şəkildə məktəbə göndərmişdim”.
Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə Masallı şəhər İntiqam Əsgərli adına 3 nömrəli tam orta məktəbin 8-ci siniflərindən birində kimya dərsi zamanı baş verib.
Qeyd olunub ki, təcrübə prosesində kolbanın sürüşməsi nəticəsində içərisindəki məhlul partaya və yaxınlıqdakı şagirdlərdən birinə sıçrayıb. Hadisədən dərhal sonra şagirdə ilkin yardım göstərilib, müayinə və zəruri tibbi yardım üçün tibb müəssisəsinə yönləndirilib. Şagirdin səhhəti nəzarətdə saxlanılır.
#Masallı teqi istifadə olunub
- Şagird zədələndi, valideyn müəllimi günahlandırdı | Məktəbdə nə baş verdi? - Baku TV CANLI
- "Heç bir təmir işi görülmür" | Valideynlər gördükləri mənzərəyə etiraz edirlər - Baku TV
- Masallıda məktəbdə aparılan təmir işləri sakinlərin narazılığına səbəb olub - Baku TV CANLI
- Şagirdlərin partada 3-3 oturması valideynlərin narazılığına səbəb olub - Baku TV CANLI
- “33 uşağı salıb dar bir yerə, nə etsinlər?!" - Masallıdakı məktəbdə nə baş verir? - Baku TV
