"Qalatasaray" və "Fənərbağça"dan fərqli nəticələr
UEFA Avropa liqasında IV tura yekun vurulub.
Diqqət mərkəzində olan matçlardan birində Türkiyə təmsilçisi “Qalatasaray” İngiltərə nəhəngi “Tottenhem”lə üz-üzə gəlib.
“Rams Park” arenasında baş tutan oyunda azarkeşlər 5 qol görüblər. Matçda hesabı meydan sahibləri açıb.
6-cı dəqiqədə Yunus Akgün “mahmızlar”ın qapısını dəqiq nişan alıb. 18-ci dəqiqədə qonaqlar tarazlığı bərpa etməyi bacarıblar. Uil Lankşir “sarı qırmızılar”ın azarkeşlərini məyus edib. Lakin hücumlarına ara verməyən “cim-bom” daha 2 topu ingiltərəlilərin qapısına göndərib. “Qalatasaray”ın dünyaca məşhur ulduzu Viktor Osimhen dubla imza atıb. İstanbul nəhəngi fasiləyə üstün yollanıb.
İkinci yarıda “Tottenhem” azlıqda qalıb. 60-cı dəqiqədə Uil Lankşir qırmızı vərəqə alaraq meydandan qovulub. 9 dəqiqə sonra qonaqlar Dominik Solankenin topu ilə ikinci dəfə “Qalatasaray”ın qapısına yol tapsa da, bundan artığını bacarmayıblar.
Bu qalibiyyət sayəsində xallarının sayını 10-a çatdıran “cim-bom” yarış cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
Türkiyənin digər təmsilçisi “Fənərbağça” isə IV tur çərçivəsində Niderland klubu “AZ Alkmar”ın qonağı olub. “Afas” arenada keçirilən görüş meydan sahiblərinin 3-1 hesablı qələbəsi ilə bitib. Niderlandlıların heyətindən Ro-Zangelo Dal, Kes Smit və Denso Kasius fərqləniblər. “Fənər”in yeganə qolunu isə Yusef En-Neseri vurub.
Qeyd edək ki, hazırda aktivində 5 xalı olan “Fənərbağça” liqa mərhələsinin yarış cədvəlində 21-ci pillədə qərarlaşıb.