Əmək pensiyalarında hansı dəyişikliklər oldu? | Vüqar Bayramovdan açıqlama
Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiq edib.
Yeni dəyişikliklərdə mühüm məqamlardan biri də keçmiş hərbi qulluqçularla bağlıdır. Belə ki, qanuna edilən dəyişikliyin bir istiqaməti də 81-100 faiz sağlamlıq imkanlarını itirən hərbi xidmət dövründə əlilliyi olan keçmiş hərbi qulluqçularla əlaqədardır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, hazırda onlara təminat xərclərinin 60 faizi məbləğində pensiya təyin olunur:
“Yeni dəyişiklik həmin faizin dəyişdirilməsini və 10 faiz artırılmasını nəzərdə tutur. İndi bu vətəndaşlar təminat xərclərinin 60 deyil, 70 faiz həcmində pensiya ala biləcəklər. Bu isə onların pensiya məbləğlərinin artmasına gətirib çıxaracaq. Digər əlavələri də nəzərə alsaq, bu həmin vətəndaşlarımızın pensiyalarında daha yüksək artımlara səbəb olacaq”.