Mərkəzi Bankın adından dələduzluq | Pulunuzu belə oğurlamaq istəyirlər
Son dövrlər ölkə hüdudlarından kənarda yeni fırıldaqçılıq hallarına cəhd edildiyi müşahidə olunur.
Mərkəzi Bankın araşdırmaları nəticəsində naməlum şəxslərin sosial şəbəkələr vasitəsilə vətəndaşların pullarını mənimsəməyə cəhd etdiyi məlum olub.
Belə ki, “Maryam Invest” investisiya şirkəti adı ilə vətəndaşlara yüksək gəlir vəd edilir. Fırıldaqçılar qeyd olunan şirkətin Mərkəzi Bank tərəfindən lisenziya aldığını bildirirlər. Nəticədə saxta sənədlər əsasında vətəndaşların etibarını qazanır, onları təqdim etdikləri xarici bank hesablarına yatırım etməyə həvəsləndirirlər.
Bu kimi problemlər yaşanmasın deyə Mərkəzi Bank əhalini diqqətli olmağa və fırıldaqçıların belə təkliflərinə aldanmamağa çağırır. İnvestisiya xidmətlərindən istifadə etməmişdən əvvəl bu xidmətləri təklif edən şəxslərin fəaliyyətinin qanuniliyinin dəqiqləşdirilməsi üçün Mərkəzi Bankın rəsmi saytından istifadə tövsiyə edilir.