Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
Özbəkistanın neft sahəsində rəhbər şəxslərdən və mütəxəssislərindən ibarət nümayəndə heyəti Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neft məhsullarının təchizatı, saxlanması və bölüşdürülməsi, eləcə də yanacağın pərakəndə satışı sahəsində idarəetmə təcrübəsini öyrənir.
Bu barədə "Uzbekneftegaz" şirkətinin məlumatında bildirilib.
Məlumata görə, nümayəndə heyəti "SOCAR Downstream" şirkətinin ofisində olub.
Bundan əlavə, nümayəndə heyəti Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda beynəlxalq səviyyədə akkreditasiya olunmuş laboratoriyada keyfiyyətə nəzarət prosedurlarını öyrəniblər.
Eyni zamanda "SOCAR Petroleum" şirkətinin iki yanacaqdoldurma məntəqəsinə və neft bazasına ziyarət təşkil edilib.
"Uzbekneftegaz" şirkətinin yaydığı məlumatda qeyd olunub ki, nümayəndə heyəti Bakıda öyrəndiyi ən səmərəli həlləri və təcrübələri Özbəkistanda tətbiq etməyi planlaşdırır.
