SOCAR-ın yeni şirkəti 16,5 milyon dollar kapitalla dövlət qeydiyyatına alındı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "SOCAR Green" MMC-ni dövlət qeydiyyatına alıb.
Kommersiya qurumu SOCAR-la eyni hüquqi ünvanda qeydiyyatdan keçib. Müəssisənin nizamnamə kapitalı 16,5 milyon ABŞ dolları, qanuni təmsilçisi isə Elmir Musayevdir.
Qeyd edək ki, "SOCAR Green"in yaradılmasına SOCAR-ın Müşahidə Şurasının 2023-cü ilin dekabr ayında keçirilən iclasında qərar verilib. Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında ölkə prezidentinin müvafiq sərəncamından irəli gələn tapşırıqlar çərçivəsində təsis olunan şirkətin əsas məqsədi SOCAR-ın strateji bərpaolunan enerji layihələrinin effektiv idarə edilməsi, bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanlarının genişləndirilməsi, neft-qaz əməliyyatlarında dekarbonizasiya proseslərinə dəstək göstərməkdir.