SOCAR və Serbiya şirkətləri arasında yeni elektrik stansiyasının inşasına dair saziş - Baku TV
Belqradda SOCAR, Serbiyanın dövlət enerji müəssisəsi "Serbiya Elektrosənayesi" (EPS) və "Srbijagas" şirkəti arasında Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb.
Sənədi "SOCAR Türkiye"nin baş direktoru Elçin İbadov, EPS-in baş direktoru Duşan Jivkoviç və "Srbijagas"ın baş direktoru Duşan Bayatoviç imzalayıblar.
500 MVt gücündə stansiyanın inşasını və birgə müəssisənin təsis edilməsini nəzərdə tutan sənədə əsasən, birgə müəssisədə Serbiya iştirakçılarının payı 50%, Azərbaycan tərəfinin payı 50% təşkil edəcək.
Sənəd tərəflərin hüquq və öhdəliklərini, birgə idarəetmə prinsiplərini, hazırlıq mərhələsində əsas qərarların yekdilliklə qəbul edilməsi qaydasını, həmçinin layihə işlərinin maliyyələşdirilməsi şərtlərini təsbit edir.
Layihənin Serbiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, elektrik enerjisi sisteminin sabitləşdirilməsinə töhfə verəcəyi bildirilib.
