Baş Prokurorluq təyyarə qəzası ilə bağlı vacib məlumat yaydı
Dekabrın 25-də Aktau şəhərinin yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-yə məxsus Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” 190 tipli təyyarənin qəzaya uğraması faktı üzrə başlanılan cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Bu barədə Baş Prokurorluqdan bildirilib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, Baş prokuror Kamran Əliyev hadisə baş verdiyi gündən etibarən Qazaxıstanın Baş prokuroru Berik Asılov, Rusiyanın Baş prokuroru İqor Krasnov, İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, eləcə də Braziliyanın Baş prokuroru Paulo Qonetlə intensiv təmasda olub.
“Habelə hadisənin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə Azərbaycan, Qazaxıstan, Rusiya və Braziliyadan olan peşəkar müstəntiq və mütəxəssislərin iştirakı ilə hadisə yerində genişmiqyaslı istintaq hərəkətləri həyata keçirilib. Müzakirələr zamanı təyyarənin qəzaya uğramasının kənar müdaxilə nəticəsində baş verməsi daxil olmaqla, hadisənin səbəb və şəraitinin hərtərəfli araşdırıldığını, təqsirkar şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyi bildirilib.
İstintaqın gedişi barədə Baş Prokurorluq tərəfindən ictimaiyyətə mütəmadi məlumat veriləcək”, – deyə məlumatda vurğulanıb.