BMT Baş katibi Azərbaycanda keçirilən COP29-un önəmindən danışdı | Çağırış edildi
BMT-nin Baş katibi Antonio Quterreş G20 liderlərinin Braziliyada keçirilən sammitində çıxışı zamanı COP29-un uğurla keçirilməsinin vacibliyini vurğulayıb.
O, Bakıda keçirilən COP29-un müvəffəqiyyət qazanmasının qlobal iqlim tədbirlərində həlledici rol oynayacağını bildirib.
“Biz Bakıda uğur qazanmalı, inam yaratmalı və gələn il yüksək ambisiyalı milli iqlim planlarının hazırlanmasını təşviq etməliyik. Uğursuzluq seçim deyil. Əks halda, yeni milli iqlim fəaliyyət planlarının hazırlanmasında ambisiyalar azalar və geri dönüşü olmayan iqlim dəyişikliklərinə daha da yaxınlaşarıq”, – deyə BMT Baş katibi bildirib.
Antonio Quterreş qeyd edib ki, COP29-un nəticələri COP30-un Braziliyada uğurla keçirilməsi üçün möhkəm zəmin yaratmalıdır.
O, inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını qarşılamaq üçün güzəştli ictimai maliyyə vəsaitlərinin əhəmiyyətini xüsusi vurğulayıb. Baş katib qlobal iqlim böhranının kritik həddə çatdığını deyib.
“Əgər qlobal temperatur artımını 1,5 dərəcə selsi ilə məhdudlaşdırmasaq, fəlakətli nəticələrlə üzləşəcəyik”, – deyə BMT Baş katibi əlavə edib.