Ceyhun Bayramov Yuri Kimlə görüşdü: antiterror tədbirləri müzakirə edildi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirakı çərçivəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kimlə görüşüb.
Görüş zamanı regiondakı son vəziyyət əsas müzakirə mövzusu olub.
Sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, habelə üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan Silahlı Qüvvələrinin qalıqlarının ərazilərimizdən çıxarılması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlandığı diqqətə çatdırılıb, görülən tədbirlərin hədəfinin müstəsna olaraq regionda bölgədə sülh və təhlükəsizliyə əsas təhdid mənbəyi olan qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturlar olduğu, iddiaların əksinə mülki əhalinin hədəf alınmadığı, erməni sakinlərin təhlükəsizliyi üçün tərəfimizdən çağırışlar edildiyi diqqətə çatdırılıb.
Görüşdə tərəflər həmçinin bölgə ilə bağlı digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.