Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV
Sentyabrın 25-də Prezident İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan "Neuberger Berman"ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib.
Söhbət zamanı Prezident İlham Əliyevin keçən il Nyu-Yorkda Corc Volkerlə görüşü məmnunluqla xatırlanıb.
Dövlət başçısı bu ilin fevralında "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalandığını xatırladaraq, ölkələrimizin qarşılıqlı münasibətlərinin yeni səhifəsinin açıldığını deyib.
Görüşdə Azərbaycanla "Neuberger Berman" şirkəti arasında investisiya əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri müzakirə olunub, qlobal investisiya bazarlarında yaranan yeni imkanlar, qarşılıqlı maraq doğuran layihələr və uzunmüddətli tərəfdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
2016-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə "Neuberger Berman" arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. ARDNF-nin şirkətlə özəl kapital, özəl borc və digər investisiya istiqamətlərini əhatə edən tərəfdaşlığı çərçivəsində əldə olunmuş nəticələr və yeni layihələrdə iştirak imkanları müzakirə edilib.
Qeyd edək ki, 1939-cu ildə Nyu-Yorkda yaradılmış "Neuberger Berman" dünyanın iri müstəqil investisiya şirkətlərindən biridir. 613 milyard ABŞ dolları məbləğində aktivlərə malik olan şirkətin özəl bazarlar üzrə qlobal investisiya platforması 170 milyard ABŞ dollarından artıq investisiya öhdəliklərini idarə edir. Platformanın investisiya etdiyi fondların portfelləri 10 400-dən çox şirkəti əhatə edir ki, bu da "Neuberger Berman"ın qlobal investisiya fəaliyyətinin miqyasını göstərir.
#İlham Əliyev teqi istifadə olunub
- “Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV
- İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV
- Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV
- Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək - Baku TV
- İlham Əliyev Çin və İtaliya şirkətlərinin nümayəndələri ilə nələri müzakirə etdi? - Baku TV
