“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV
Sentyabrın 25-də Prezident İlham Əliyev aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “BlackRock”un tərkibində fəaliyyət göstərən qlobal infrastruktur investisiya şirkəti – “Global Infrastructure Partners”in təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesini qəbul edib.
Söhbət zamanı dövlət başçısının bu ilin yanvarında Adebayo Oqunlesi ilə Davosda görüşü xatırlanıb.
Azərbaycan Dövlət Neft Fondu, “BlackRock” və “Global Infrastructure Partners” şirkəti arasında Davosda imzalanmış uzunmüddətli əməkdaşlığa dair niyyət protokolunun əhəmiyyətinə toxunulub.
Görüşdə Azərbaycanla şirkət arasında investisiya əməkdaşlığının inkişafından məmnunluq ifadə edilib, əldə olunmuş nəticələr və tərəfdaşlığın genişləndirilməsi perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan Dövlət Neft Fondu ilə “Global Infrastructure Partners” arasında formalaşmış tərəfdaşlığın artıq konkret beynəlxalq investisiya layihələrini əhatə etdiyi vurğulanıb. Bu xüsusda Fondun İtaliyanın yüksəksürətli qatar operatoru “Italo”ya və Londonun Qatvik hava limanına bu şirkətlə birgə investisiya yatırdığı qeyd olunub.
Ölkəmizin infrastruktur sahəsində investisiya imkanları, o cümlədən rəqəmsal və nəqliyyat infrastrukturu istiqamətlərində potensial əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Prezident İlham Əliyevin himayəsi altında Bakıda təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu və bu çərçivədə Azərbaycan Respublikası Dövlət Neft Fondu və “BlackRock” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqunun əhəmiyyətinə toxunulub. Bu tədbirlərdə 30 trilyon ABŞ dolları məbləğində aktivləri idarə edən şirkətlərin iştirak etdiyi vurğulanıb.
#Global Infrastructure Partners şirkəti teqi istifadə olunub
- Prezident Davosda "BlackRock" və "Global Infrastructure Partners"in rəsmiləri ilə görüşüb - Baku TV
- “Global Infrastructure Partners” şirkətinin baş icraçı direktoru İlham Əliyevin qəbulunda
- İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV
- İlham Əliyevin “Global Infrastructure Partners” şirkətinin baş icraçı direktoru ilə görüşü
