Əcnəbi iştirakçıların COP29-la bağlı təəssüratları | Ən önəmli ekoloji məsələlər diqqət mərkəzində
Baku TV “COP-BAKU” layihəsi çərçivəsində COP29-un beşinci günü haqqında reportaj hazırlayıb.
Bildirilib ki, 15 noyabrda “yaşıl enerji”yə keçidin sürətləndirilməsi, hüquq-mühafizə orqanlarının təbiətin qorunmasına diqqəti artırması, karbonun idarə olunması kimi vacib məsələlər gündəlikdə olub.
“İqlim dəyişikliyi ilə mübarizədə hüquq- mühafizə orqanlarının səfərbər olunması” yüksək səviyyəli sessiyasında çıxış edən COP29 prezidenti Muxtar Babayev bu sahədəki fəaliyyətlərin gücləndirilməsinin önəmini vurğulayıb.
“Ətraf mühitə təsir edən cinayətlər – qanunsuz ağackəsmə, flora qaçaqmalçılığı, dəniz çirkliliyi, mineral və balıq ehtiyatlarının istismarı biomüxtəlifliyimizə ciddi təhdid yaradır və iqlim dəyişikliyinin təsirlərini daha da artırır. Bu fəaliyyətlər davamlı inkişafı ləngidir, icmaların fəaliyyətini pozur və ekosistemin deqradasiyasını artırır. Aydındır ki, hüquq-mühafizə orqanlarının fəaliyyətlərini gücləndirmədən bizim təbii resursları qorumaq və ətraf mühiti mühafizə etmək təşəbbüslərimiz qısamüddətli olacaq”, – deyə Muxtar Babayev bildirib.
Yüksək səviyyəli dəyirmi masada isə COP29-un enerji öhdəlikləri açıqlanıb. Müzakirələrdə iştirak edən energetika naziri Pərviz Şahbazov Azərbaycanın “yaşıl enerji”yə keçidi ilə bağlı həyata keçirdiyi və icrasını planlaşdırdığı önəmli məqamları açıqlayıb.
“Biz “yaşıl enerji” zonası olan Şərqi Zəngəzurda BP ilə birlikdə ilk sənaye həcmli 240 meqavatlıq Günəş Elektrik Stansiyasının əsasını qoymuşuq. SOCAR da sözügedən layihənin iştirakçısıdır. Bu stansiya həmin ərazidə birbaşa irihəcmli xarici investisiyanı təmsil edir”, – deyə nazir qeyd edib.