Ermənistan Aİ Missiyasının himayəsində muzdlular yerləşdirdi?
"Fevralın 13-də Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransı zamanı Azərbaycan əleyhinə əsassız iddialarını pisləyir və rədd edirik".
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. "Cozep Borrellin hərbi təcavüz törədən Ermənistana bəraət qazandırması, Ermənistanın hərbi təxribatına göz yumulması kimi qiymətləndirilir. Təəssüf ki, Aİ tərəfi 5 ay sabitlik hökm sürəndən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanmasına etinasız yanaşır. Azərbaycan tərəfindən təxribata cavab olaraq atılan addımlar tam adekvat və lokal xarakterli idi. Bu tədbirlər nəticəsində Ermənistan tərəfindən hərbi eskalasiyanın genişlənməsi cəhdlərinin qarşısını alıb.
Bununla yanaşı, bir daha vurğulamaq istərdik ki, Avropa İttifaqının ali nümayəndəsinin silahlı qüvvələrin geri çəkilməsi barədə heç bir praktiki əhəmiyyətə malik olmayan təklifi təəssüf doğurur. Aİ tərəfi nəzərə almalıdır ki, Ermənistan tərəfindən sərhədyanı bölgələrdə “Avropa İttifaqı Missiyası himayəsi” altında yerləşdirilən muzdlular Azərbaycan hərbçilərinin və mülki əhalisinin həyatına təhdiddir.
Azərbaycanın Qarabağ iqtisadi rayonunu könüllü olaraq tərk edən erməniəsilli sakinlərin məcburi köçkün kimi qələmə verilməsi və Azərbaycanın ərazisi olan bu bölgəyə münasibətdə “Dağlıq Qarabağ” kimi mövcud olmayan adlardan istifadə edilməsi qəbuledilməzdir.
Azərbaycan tərəfinin dəfələrlə erməni sakinlərin öz evlərində qalması üçün müraciətlər etdiyi Aİ tərəfinə yaxşı məlumdur. Əfsuslar olsun ki, ərazini tərk edən erməni sakinlərə münasibətdə hətta ermənilərin dilə gətirmədiyi əvvəlki rəqəmlərə istinada ali nümayəndə tərəfindən düzəliş edilməsinə baxmayaraq, bu məsələdə də nümayəndənin erməni təbliğatının təsirində olduğu aydın görünür", – deyə məlumatda bildirilir.