Paşinyan Türkiyə və Azərbaycanla bağlı açıqlama verdi - Baku TV
Ermənistan hökuməti Türkiyə və Azərbaycanla sərhədlərə uzanan dəmir yolu sahələrini müstəqil şəkildə bərpa etməyə başlayıb.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonrakı brifinqdə bildirib.
Paşinyan qeyd edib ki, Türkiyə sərhədi və Azərbaycan sərhədi istiqamətlərində dəmir yolu sahələrinin bərpası ilə bağlı işlərə start verilib.
"Biz artıq bu sahələrin bərpasına yönələn proseslərə başlamışıq və işləri həyata keçiririk. Digər sahələr üçün də rusiyalı həmkarlarımızla işçi müzakirələri davam etdirəcəyik. Mövqeyimiz dəyişməyib və dəyişməyəcək", – deyə Ermənistanın Baş naziri bildirib.
Nikol Paşinyan sözügedən sahələrin "Cənubi Qafqaz Dəmir Yolu" şirkətinin konsessiyasından çıxarılıb-çıxarılmayacağı ilə bağlı suala konkret cavab verməkdən yayınıb. O, dəmir yollarının Ermənistanın mülkiyyəti olduğunu vurğulayıb.
"Bunlar bizim dəmir yollarımızdır, bizim mülkiyyətimizdir və biz öz mülkiyyətimizi idarə etməliyik. Təfərrüatı təqdim edə bilmərəm, çünki bu məsələləri hüquqi məsləhətləşmələr və işçi müzakirələr zamanı həll etməliyik. Cənubi Qafqaz Dəmir Yolu bütün bu proseslərə cəlb olunub, onlar baş verənlərdən xəbərdardırlar", – deyə Paşinyan əlavə edib.
