Peskovdan Bakının üzr tələbinə reaksiya | Təyyarənin vurulması barədə açıqlama
“Aktauda “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycanın Rusiyadan olan tələbi təbii ki, qarşımıza çıxıb. Amma onu deyə bilərəm ki, Kreml istintaq yekunlaşana qədər məsələ ilə bağlı heç nə deməyəcək”.
Bunu Kremlin sözçüsü Dmitri Peskov dekabrın 27-də jurnalistlərin Azərbaycan tərəfinin Rusiyanın qəza ilə əlaqədar üzr istəməsi tələbini görüb-görmədikləri ilə bağlı suala cavabında deyib.
“Əlbəttə görmüşük. Lakin artıq bildirdiklərimə əlavə edəcək bir şey yoxdur”, – deyə D.Peskov vurğulayıb.
Caliber.Az-ın Azərbaycan hakimiyyət orqanlarından əldə etdiyi məlumatda “Rəsmi Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsini vurmasını etiraf etməsini, Azərbaycan xalqından rəsmi üzr istəməsini və hərtərəfli araşdırma aparmasını, nəticədə bütün təqsirkarların məsuliyyətə cəlb ediləcəyini gözləyir”, – deyə bildirilib.
Bununla yanaşı, “Euronews” “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktauda qəzaya uğramasına Rusiyaya məxsus raketin səbəb olduğunu yazıb.