Prezident Mövlud Çavuşoğlunu qəbul etdi | Brüsseldəki görüş barədə açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev aprelin 5-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edib.
Dövlət başçısı Mövlud Çavuşoğluya ölkəmizdə böyük hörmət bəsləndiyini vurğulayaraq onun bütün dövrlərdə Azərbaycanın yanında olmasını yüksək qiymətləndirdiyini bildirib və xalqımızın bunu çox dəyərləndirdiyini qeyd edib.
Prezident İlham Əliyev vurğulayıb ki, xüsusilə İkinci Qarabağ müharibəsi zamanı Mövlud Çavuşoğlu müntəzəm surətdə çox önəmli açıqlamalar verib. O, bütün dünyaya Türkiyənin səsini çatdırıb ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Bu açıqlamalar öz növbəsində Azərbaycanın işinə qarışmaq istəyən qüvvələrin qarşısının alınmasında önəmli rol oynayıb.
Azərbaycan Prezidenti bildirib ki, Qarabağı işğaldan azad etməyimiz, xüsusilə keçən ilin sentyabrında həyata keçirdiyimiz antiterror əməliyyatı bəzi qüvvələri narahat edib.
“Mən hər zaman deyirdim və deyirəm ki, biz haqq yolundayıq, öz əzəli torpaqlarımızı bütün beynəlxalq qanunlar çərçivəsində hərbi yolla azad etmişik”, – deyə vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, o vaxtdan bugünədək bizə olan təzyiqlər durmadan davam edir. Avropa Parlamenti təhqirlə dolu çirkin qətnamələr qəbul edib. AŞPA nümayəndə heyətimizi səsvermə hüququndan məhrum edib. Bunlar çox mənfi fəsadlara gətirə biləcək addımlardır və bunun yeganə səbəbi Qarabağı işğaldan azad etməyimizdir.
ABŞ, Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə keçiriləcək üçtərəfli görüşə toxunan dövlət başçısı bildirib ki, bununla Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır. Halbuki son günlər həm ABŞ-nin, həm də Avropa İttifaqının yüksəkvəzifəli şəxsləri onların təşəbbüsü ilə baş tutan telefon danışıqları əsnasında bizi inandırmağa çalışmışlar ki, bu görüş Azərbaycanın əleyhinə deyil.
Prezident İlham Əliyev qeyd edib ki, lakin biz bunun Azərbaycanın və Cənubi Qafqazda işbirliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür.
#İlham Əliyev teqi istifadə olunub
- “Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV
- "Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV
- "Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV
- Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV
- Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV
