Qərbi Azərbaycanlılar tarixi torpaqlarımız uğrunda mübarizəni nəsildən-nəsilə ötürüblər
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Verilişin budəfəki qonağı Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov olub.
O, ata-baba yurdu Göyçə və Dərələyəz mahallarından söhbət açıb. Müsahib bildirib ki, valideynləri ötən əsrin ikinci yarısında Qərbi Azərbaycandan deportasiya olunub, indiki Şirvan, Salyan rayonlarının ərazisində məskunlaşmağa məhkum ediliblər.
Qeyd edib ki, vaxtilə babasının hektarlarla torpaq sahəsi, saysız-hesabsız iribuynuzlu və xırdabuynuzlu heyvan sürüləri olub. Sovet hökuməti qurulan illərdə könüllü şəkildə onları kolxoz və sovxoza təhvil verib. Buna rəğmən, onun nəslinə "qolçomaq" damğası vurub sürgünə, təqibə məruz qoyublar. ATXƏM sədri deyib ki, baba və nənələri, valideynləri yurd həsrəti, Vətən nisgili ilə dünyalarını dəyişiblər.